Missiya

admin

“Demokratiyanı Öyrənmə” İctimai Birliyi Azərbaycanda demokratik təsisatların və dəyərlərin gücləndirilməsi ilə demokratik cəmiyyət quruculuğuna dəstək verir.

Birliyin iştirakçıları belə hesab edir ki, məsuliyyətli və hesabatlı hökumətin formalaşdırılması, insan hüquq və azadlıqlarının təmin edilməsi, yüksək rifah dövlətinin yaradılması,  azad və ədalətli cəmiyyətin təşkili bilavasitə demokratiyanın bərqərar olmasından asılıdır. Yalnız demokratiya hökumətlər tərəfindən insanların səslərinin eşidilməsinə, dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində xalqın iradəsinin əsas götürülməsinə təminat yaradır. Azad və ədalətli seçkilər vasitəsilə hakimiyyətin dövri olaraq dinc şəkildə əvəzlənməsi, mübahisələrin müstəqil məhkəmələr vasitəsilə ədalətli həlli,  qanunun aliliyinin təmin edilməsi həqiqi demokratiya şəraitində mümkün olur.

Bütün çatışmazlıqlarına rəğmən, bəşəriyyət tarixində demokratiya qədər bütün ağır sınaqlardan uğurla çıxan ikinci bir idarəçilik modeli tapmaq çətindir. İnkluzivliyi, plürasitikliyi, tolerantlığı və sair kimi müsbət xüsusiyyətləri ilə dinc, birgə və harmonik yaşam şərtlərini demokratiyadan başqa bir siyasi rejimdə  tapmaq mümkün deyildir. Məhz demokratiyanın bu və digər məziyyətləri Birliyin yuxarıda bəyan edilən missiyasının seçilməsini şərtləndirən əsas amillərdən olmuşdur.